Doktorantura » Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Source: https://www.dia.edu.az/doktorantura

Archived: 2026-04-23 17:18

Doktorantura » Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Skip to main content
Doktorantura
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Doktoranturada təhsil prosesi Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” Qanunları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”, Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarları, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin normativ-hüquqi aktları və DİA-nın daxili qaydaları ilə tənzimlənir.
Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani (istehsalatdan ayrılmaqla) təhsil müddəti 3 il, qiyabi (istehsalatdan ayrılmamaqla) 4 il, dissertantlıq yolu ilə 4 il; elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir. Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər.
Sənədlərin qəbulu haqqında mediada və DİA-nın rəsmi internet saytında müvafiq elan verilir. Sənəd qəbulu müəyyən edilmiş müddətdə “Təhsil Mərkəzləşdirilimiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilir (
doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin
portal.edu.az
saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər).
Doktoranturaya qəbul hər ilin iyun (xarici dil imtahanı - Dövlət İmtahan Mərkəzində) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar - Dövlət İdarəçilik Akademiyasında) ayları ərzində keçirilir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. Doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğu DİA rektorunun sədrliyi ilə yaradılan qəbul komissiyası tərəfindən müəyyən edilir. Doktoranturaya qəbul olmaq istəyən şəxslə nəzərdə tutulan elmi rəhbər müsahibə keçirir və rəhbərliyi həyata keçirmək barədə razılıq və ya imtina qərarını yazılı surətdə qəbul komissiyasına təqdim edir.
Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan, əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər. Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) qəbul imtahanı verirlər. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar.
Doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu DİA ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili ödənişli əsaslarla aparılır. Xarici dövlətlərdə təhsil almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ali təhsil haqqında diplomun notariat qaydada təsdiq edilmiş surəti və diplomun tanınması haqqında şəhadətnamə  təqdim edilməlidir.
DİA-da əsasən “Siyasi elmlər” elm sahəsi üzrə aşağıdakı ixtisaslar üzrə doktoranturada təhsil həyata keçirilir:
·
Dövlət idarəçiliyi – 5909.01
·
Beynəlxalq münasibətlər – 5901.01
·
Davamlı inkişafın idarə edilməsi – 5902.17
·
Siyasi institutlar və sistemlər – 5904.01
·
Siyasi nəzəriyyə - 5908.01
“Fəlsəfə doktoru” elmi dərəcəsi üzrə təhsil alan şəxslər müəyyən olunmuş qaydada ixtisas fənnindən və xarici dildən, həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən də fəlsəfə doktoru imtahanları verirlər. DİA-da ildə iki dəfə (yaz və payız sessiyaları) fəlsəfə doktoru imtahanları təşkil olunur. Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir və dissertasiyanın ilkin müzakirəsinədək verilir. İxtisas fənni üzrə fəlsəfə doktoru imtahanının keçiriləcəyi tarix barədə məlumat və müvafiq proqramların elektron versiyaları bir ay əvvəl DİA-nın rəsmi internet saytında  yerləşdirilir. Fəlsəfə doktoru imtahanlarının nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır.
DİA-da təhsil alan doktorant və dissertantlar üçün mütəmadi olaraq
“Akademik yazı bacarıqları” mövzusunda seminarlar keçirilir. Burada elmin
müasir istiqamətləri, yeni tədqiqat metodları, elmi nəticələrin yüksək təsir əmsallı (impact factor) jurnalların tələblərinə uyğun tərtib olunması və məqalələrin beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə çap olunması prosesi izah olunur. Eyni zamanda, doktorantlara Web of Science, SCOPUS, Springer, Ulakbim, Philosopher’s Index, ERIH PLUS kimi Beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində jurnal seçimi, ədəbiyyat siyahısının tərtibi, akademik dürüstlük və digər məsələlər haqqında ətraflı məlumat verilir.
Hər ilin may ayında DİA-da ənənəvi olaraq doktorant və gənc tədqiqatçıların Respublika elmi-praktik konfransı keçirilir və konfrans materialları elektron formada DİA-nın rəsmi internet saytında dərc edilir.
2025-ci ilin iyun ayında DİA-da həyata keçirilən sistemli islahatlar və 2025-2030-cu illəri əhatə edən yeni
Strateji İnkişaf Planı
nın prioritetlərinə uyğun olaraq doktorantura təhsilinin idarə olunmasında səmərəliliyin artırılması məqsədilə “Elm və innovasiyalar” şöbəsinin nəzdində ayrıca “Doktorantura sektoru” yaradılmışdır.
Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları -
https://e-qanun.az/framework/19800#_edn4
Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə -
https://e-qanun.az/framework/42605
Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların təsnifatı -
https://e-qanun.az/framework/23253
Dissertasiyanın tərtibi qaydası -
https://aak.gov.az/upload/page/Dissertasiyan%C4%B1n_t%C9%99rtib_qaydas%C4%B11.pdf
Avtoreferatın tərtibi qaydası -
https://aak.gov.az/upload/page/Tertib_son1.pdf
Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər (elm sahələri üzrə) -
https://aak.gov.az/single/334
Dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemləri (Bazaları) (elm sahələri üzrə) -
https://aak.gov.az/documents/34