“Yaşayan yaddaş, sönməyən ümid” mövzusunda elmi-praktik konfrans keçirilib | Azərbaycan Respublikası Qax Rayon İcra Hakimiyyəti

“Yaşayan yaddaş, sönməyən ümid” mövzusunda elmi-praktik konfrans keçirilib | Azərbaycan Respublikası Qax Rayon İcra Hakimiyyəti
Azərbaycan Respublikası Qax Rayon İcra Hakimiyyəti
“Yaşayan yaddaş, sönməyən ümid” mövzusunda elmi-praktik konfrans keçirilib
22 aprel 2026 | 18:49
Rayonda “Şəhərsalma və memarlıq ili” ilə əlaqədar Qərbi Azərbaycana qayıdış konsepsiyası çərçivəsində rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Yaşayan yaddaş, sönməyən ümid” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Daha sonra konfransın keçirildiyi Heydər Əliyev Mərkəzində Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, mətbəxini özündə əks etdirən sərgi ilə tanış olublar.
Toplantının əvvəlində Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən RİH başçısı Elvin Paşayev bildirib ki, Azərbaycan xalqının tarixi yaddaşında və milli şüurunda əzəli yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarının xatirəsi hər zaman yaşayır. Qərbi Azərbaycanla bağlı keçirilən bugünki tədbir bir daha göstərir ki, xalqımızın qəlbində Qərbi Azərbaycana olan bağlılıq heç vaxt sönməyəcək. Atalarımızın əzəli yurd yeri-indiki Ermənistan ərazisindəki kəndlər, şəhərlər və məzarlar hələ də canlı yaddaşımızda yaşayır və hər birimizdə sönməyən qayıdış ümidini alovlandırır.
Ermənilərin Cənubi Qafqaza köçündən sonra kütləvi deportasiyalar, soyqırımları, şimaldan gələn təzyiqlər soydaşlarımızı bu yerlərdən didərgin salıb. Xüsusilə 44 günlük Vətən müharibəsi nəticəsində düşmən tapdağından azad edilmiş Qarabağda məskunlaşma proseslərinin başlanmasından sonra qarşıda duran ən mühüm məsələlərdən biri Qərbi Azərbaycan torpaqlarına da qayıdışı təmin etməkdir. Azərbaycan xalqı bu gün Zəngəzura, İrəvana və digər əzəli Azərbaycan torpaqlarına getmək kimi tarixi hüququnu beynəlxalq birlik qarşısında qaldırır. Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı artıq tarixi bir zərurətdir və bu, ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi olacaq. Hər kəsin öz əzəli Vətənində yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük yol qət edilib, Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq müstəviyə çıxarılıb. Dövlətimizin başçısı Qərbi Azərbaycanlı soydaşlarımızın tarixi torpağı olduğunu nüfuzlu beynəlxalq kürsülərdən dəfələrlə bəyan edib və edir. Bu gün azərbaycanlılar Qarabağa qayıtdığı kimi, Qərbi Azərbaycana da qayıdacaq. Ancaq bu qayıdış itkisiz - sülh yolu ilə ədalətli və ləyaqətli qayıdış kimi reallaşacaq.
Tədbirdə çıxış edənlər Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü, Azərbaycan Dövlət Pedoqoji Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədrinin müavini, Milli Məclisin Deputatı Hikmət Babaoğlu, Qərbi Azərbaycan İcmasının rayon üzrə nümayəndəsi Həsən Tarverdiyev və digər natiqlər son iki əsrdə azərbaycanlılara qarşı yürüdülən etnik təmizləmə və deportasiya siyasətinin ağır nəticələrini diqqətə çatdırıblar. Vurğulanıb ki, beynəlxalq hüquqa və tarixi faktlara əsaslanan “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” tarixi ədalətin bərpası və sülhün təmin olunması üçün strateji əhəmiyyətə malikdir. Bugünki konfrans da  Qərbi Azərbaycanın tarixi, mədəni irsi və azərbaycanlıların tarixi-etnik torpaqlarından kütləvi deportasiyası ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
Həmçinin çıxışlarda bu tarixi reallıqların gənc nəslə çatdırılmasının və milli yaddaşın qorunmasının vacibliyi xüsusi qeyd olunub.
Elmi-praktik konfrans ədəbi-bədii, musiqili proqramla başa çatıb.
Share
Twitter
WhatsApp
Telegram
Mail
Keçidlər