“Qloballaşma və rəqəmsallaşma dövründə Azərbaycan dilinin qorunması” adlı tədbir keçirilmişdir » Azərbaycan Respublikasının Prez

“Qloballaşma və rəqəmsallaşma dövründə Azərbaycan dilinin qorunması” adlı tədbir keçirilmişdir » Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Skip to main content
“Qloballaşma və rəqəmsallaşma dövründə Azərbaycan dilinin qorunması” adlı tədbir keçirilmişdir
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dillər kafedrası və Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən “Müasir İdarəçilər” klubunun birgə təşkilatçılığı ilə “Qloballaşma və rəqəmsallaşma dövründə Azərbaycan dilinin qorunması” adlı tədbir keçirilmişdir.
Tədbiri Akademiyanın rektoru, akademik Urxan Ələkbərov açaraq müasir dövrdə ana dilinin qorunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır. O qeyd etmişdir ki, Azərbaycan dili xalqımızın milli kimliyinin, mənəvi dəyərlərinin və dövlətçilik ənənələrinin əsas dayaqlarından biridir. Akademik Urxan Ələkbərov vurğulamışdır ki, Azərbaycan dilinin dövlət dili kimi inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun rəhbərliyi dövründə ana dilimizin hüquqi statusu möhkəmləndirilmiş, dil siyasətinin əsas istiqamətləri müəyyən edilmişdir. Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dillər kafedrasının müdiri, dosent Ülkər Şəfiyeva qeyd etmişdir ki, müasir dövrdə texnologiyaların sürətli inkişafı, informasiya axınının artması və rəqəmsal platformaların həyatımızın bütün sahələrinə nüfuz etməsi dillərin gələcəyinə birbaşa təsir göstərir və bu şəraitdə dil təkcə ünsiyyət vasitəsi deyil, həm də milli kimliyin, mədəni yaddaşın və mənəvi dəyərlərin əsas daşıyıcısıdır.
Tədbir çərçivəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Süni intellekt və kompüter dilçiliyi şöbəsinin müdiri, professor Məsud Mahmudov “Korpus dilçiliyi süni intellekt problemləri kontekstində”,  Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva “Azərbaycan dilinin saflığının qorunması və düzgün tətbiqi məsələləri” və İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının “Bioloji, humanitar və ictimai elmlər” şöbəsinin müdiri, dosent Dürdanə Rəhimzadə “Dilimiz milli kimliyimizdir!” mövzusunda çıxış etmişlər.
Tədbirdə çıxış edənlər Azərbaycan dilinin rəqəmsal platformalarda geniş tətbiqi, terminologiyanın zənginləşdirilməsi, gənc nəslin ana dilinə sevgi ruhunda tərbiyə olunması və dil mədəniyyətinin qorunmasının vacibliyindən danışmışlar. Bildirilmişdir ki, müasir texnologiyalar dilimizin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, onun saflığının qorunmasını da zəruri edir.
Sonda iştirakçılar arasında mövzu ətrafında fikir mübadiləsi aparılmış, tədbirin əhəmiyyəti yüksək qiymətləndirilmişdir.